Vermaxt
| Vermaxt | |
|---|---|
| Wehrmacht | |
| | |
| Yaranma tarixi | 1935–1945 |
| Ölkə |
|
| Tabedir | Adolf Hitler |
| Tərkibi | |
| Sayı | 18,2 milyon nəfər |
| Qərargah | |
| Müharibələr | İkinci dünya müharibəsi |
| Döyüşlər | |
| Fərqlənmə nişanları |
|
| Rəhbərlik | |
| Məşhur komandirləri |
Haynts Vilhelm Quderian Erix fon Manşteyn Ervin Rommel Fridrix Paulus |
Vermaxt (alm. Wehrmacht, Wehr - silah, müdafiə, Macht - güc, qüvvə; tərc. Müdafiə qüvvələri) — 1935–1945-ci illərdə nasist Almaniyasının silahlı qüvvələrinə rəsmi olaraq verilən ad. Versal sülh müqaviləsinin şərtlərinə zidd olan Almaniya silahlı qüvvələrinin yaradılması haqqında (alm. Gesetz über den Aufbau der Wehrmacht) 1935-ci il 16 mart tarixli qanuna əsasən yaradılmışdır. Vermaxt üç tərkib hissəyə bölünürdü - Quru Qoşunları (das Heer), Hərbi Dəniz Donanması (die Kriegsmarine) və Hərbi Hava Qüvvələri (die Luftwaffe).
Yaranması və yenidən silahlanma
[redaktə | vikimətni redaktə et]Birinci Dünya müharibəsindən sonra Almaniyanın silahlı qüvvələri Versal müqaviləsinin ciddi məhdudiyyətləri altında yenidən təşkil edildi. 1919-cu ildə imzalanmış müqaviləyə əsasən Almaniya quru ordusunun şəxsi heyəti 100 000 nəfərlə, donanmanın şəxsi heyəti isə 15 000 nəfərlə məhdudlaşdırıldı. Almaniyaya hərbi hava qüvvələri saxlamaq, tanklara, ağır artilleriyaya və sualtı qayıqlara malik olmaq qadağan edildi. Baş Qərargah, hərbi akademiyalar və hərbi məktəblər də ləğv edilməli idi. Beləliklə, müharibədən sonrakı Almaniyanın silahlı qüvvələri əvvəlki imperiya ordusundan həm say, həm də silahlanma baxımından kəskin şəkildə fərqlənirdi.[1]
Reichswehr-in formalaşması
[redaktə | vikimətni redaktə et]
1921-ci ilin martında qəbul edilmiş Alman hərbi qanunu 1919-cu ildən Vorläufige Reichswehr adlandırılan silahlı qüvvələr üçün Reichswehr rəsmi adını müəyyənləşdirdi. Reichswehr peşəkar hərbi qulluqçulardan ibarət kiçik ordu kimi təşkil edilmişdi. Xidmət müddəti əsgər və unterzabitlər üçün 12 il, zabitlər üçün isə 25 il müəyyən edilmişdi. Hərbi qulluqçular andı Veymar Konstitusiyasına içirdilər.[2]
Reichswehr-in quru hissəsi Reichsheer, dəniz hissəsi isə Reichsmarine idi. Reichsheer Berlin və Kasseldə yerləşən iki qrup komandanlığına bölünmüşdü; onun tərkibində ümumilikdə yeddi piyada və üç süvari diviziyası vardı. Sahilyanı ərazilərdə Şimal və Baltik dənizləri üçün iki dəniz stansiyası komandanlığı yaradılmışdı.[3]
Versal müqaviləsinin məhdudiyyətləri Reichswehr-in yalnız sayını deyil, malik ola biləcəyi silah və hərbi texnika növlərini də məhdudlaşdırırdı. Buna baxmayaraq, Reichswehr rəhbərliyində Almaniyanın hərbi imkanlarının gələcəkdə genişləndirilməsi məsələsi mühüm yer tuturdu. Kiçik saylı ordunun uzunmüddətli xidmət edən peşəkar kadrlar əsasında qurulması hərbi təcrübənin qorunmasına imkan verirdi.[4]

Gizli hərbi hazırlıq
[redaktə | vikimətni redaktə et]
Versal müqaviləsinin qadağaları Almaniyanın hərbi potensialının tamamilə aradan qalması ilə nəticələnmədi. Veymar Respublikası dövründə Almaniyanın yenidən silahlanması gizli şəkildə davam etdirildi. Reichswehr-in hərbi rəhbərliyi məhdud saylı ordunun mövcudluğundan istifadə edərək hərbi kadrların və biliklərin qorunmasına xüsusi əhəmiyyət verirdi. Almaniya ilə Sovet Rusiyası arasında 1920-ci illərdəki gizli hərbi əməkdaşlıq da bu siyasətin mühüm istiqamətlərindən biri oldu.[5]
Bu gizli əməkdaşlıq çərçivəsində Almaniya üçün Versal müqaviləsi ilə qadağan edilmiş hərbi sahələr üzrə hazırlıq və təlim imkanları yaradılmışdı. Bununla belə, Reichswehr-in hüquqi statusu və şəxsi heyətinin sayı müqavilənin müəyyən etdiyi məhdudiyyətlər çərçivəsində qalırdı.[6]


Hitler hakimiyyətə gəldikdən sonra dəyişiklik
[redaktə | vikimətni redaktə et]1933-cü il yanvarın 30-da Adolf Hitlerin Reyx kansleri təyin edilməsi Reichswehr üçün yeni siyasi şərait yaratdı. Reichswehr rəhbərliyi Almaniyanın hərbi imkanlarının genişləndirilməsi və Versal müqaviləsinin hərbi məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində Hitlerin siyasətinə müsbət yanaşırdı. Bununla yanaşı, Reichswehr ilə nasistlərin Sturmabteilung (SA) təşkilatı arasında münasibətlər mürəkkəb olaraq qalırdı. SA-nın sürətli böyüməsi və onun rəhbərliyinin Almaniyanın gələcək hərbi quruluşunda daha böyük rol əldə etmək istəyi Reichswehr ilə rəqabətin yaranmasına səbəb olmuşdu.[7]
SA rəhbəri Ernst Röhm təşkilatını gələcəkdə yaradılacaq Volksmiliz üçün əsas qüvvəyə çevirmək və Reichswehr-i də bu quruluşla əlaqələndirmək istəyirdi. Hitler isə təcrübəli zabitlərə malik Reichswehr-dən istifadə etməklə onu daha böyük və müasir orduya çevirməyə üstünlük verirdi. Reichswehr ilə SA arasındakı qarşıdurma 1934-cü ilin iyununun sonunda SA rəhbərliyinə qarşı həyata keçirilən repressiyalar zamanı öz kulminasiya nöqtəsinə çatdı. Bu hadisələr tarixşünaslıqda Röhm-Putsch və Uzun Bıçaqlar gecəsi adları ilə tanınır.[8]
1934-cü il avqustun 2-də prezident Paul fon Hindenburqun ölümündən sonra Reichswehr hərbi qulluqçularının andı Veymar Konstitusiyasına deyil, birbaşa Adolf Hitlerə yönəldildi. Bununla Reichswehr-in yeni siyasi hakimiyyətlə şəxsi sədaqət əsasında bağlılığı daha da möhkəmləndi.[9]
1935-ci il: ümumi hərbi mükəlləfiyyət və Wehrmacht
[redaktə | vikimətni redaktə et]Almaniyanın yenidən silahlanması nasistlərin hakimiyyətə gəlməsindən sonra sürətləndirildi. Yenidən silahlanma Veymar Respublikası dövründə artıq gizli şəkildə başlamışdı və 1933-cü ildən, xüsusilə Almaniyanın həmin ilin oktyabrında Millətlər Liqasından çıxmasından sonra daha da sürətləndirildi. 9 mart 1935-ci ildə Reyx aviasiya naziri Hermann Göring Versal müqaviləsi ilə qadağan edilmiş Alman hərbi hava qüvvələrinin mövcudluğunu açıq şəkildə elan etdi.[10]
16 mart 1935-ci ildə Almaniya ümumi hərbi mükəlləfiyyətin bərpasını elan etdi. Həmin gün qəbul edilmiş Gesetz für den Aufbau der Wehrmacht Reichswehr-in Wehrmacht adlandırılmasını və yeni silahlı qüvvələrin quruluşunu müəyyənləşdirdi. Buna görə 16 mart hadisəsini sadəcə ad dəyişikliyi kimi deyil, ümumi hərbi mükəlləfiyyətə əsaslanan yeni Wehrmacht sisteminin hüquqi və təşkilati əsaslarının yaradılması kimi qiymətləndirmək daha dəqiqdir.[11][12]
16 mart tarixli qanunun birinci maddəsində Wehrmachtda xidmətin ümumi hərbi mükəlləfiyyət əsasında həyata keçirilməsi müəyyən edilirdi. İkinci maddəyə əsasən Almaniyanın sülh dövrü quru ordusu 12 korpus komandanlığı və 36 diviziyadan ibarət olmalı idi. Ümumi hərbi mükəlləfiyyətin xidmət müddəti isə ayrıca 21 may 1935-ci il tarixli Wehrgesetz ilə tənzimləndi. İlkin xidmət müddəti bir il müəyyən edilmiş, 1936-cı ilin avqustunda iki ilə çatdırılmışdı.[13][14]
1935-ci ildə Wehrmachtın quru ordusu üçün 36 diviziya və 580 000 nəfərlik şəxsi heyət nəzərdə tutulmuşdu. DHM-nin məlumatına görə, ilk hərbi mükəlləflər 1914-cü il doğum ilinə mənsub nəsildən çağırılmışdı.[15]
Wehrmachtın sürətli genişləndirilməsi
[redaktə | vikimətni redaktə et]Wehrmachtın genişləndirilməsi 1935-ci ildən sonra sürətləndi. 1933-cü ildən 1936-cı ilin sonuna qədər Wehrmachtın quru qoşunlarının sayı beş dəfə artaraq 550 000 nəfərə çatdı. 1939-cu ildə isə Heer-in şəxsi heyəti təxminən 2,75 milyon nəfərə yüksəldi. 1935-ci ildən sonra zirehli və sürətli birliklərin genişləndirilməsi də sürətləndirildi; bu birliklər müasir və çevik müharibə aparılması tələblərinə uyğunlaşdırılırdı.[16]
Kriegsmarine-in yenidən qurulması da eyni dövrdə sürətləndi. 1936-cı ildə Scharnhorst döyüş gəmisinin suya buraxılması Almaniyanın məqsədli donanma silahlanmasının mühüm mərhələlərindən biri oldu. Onu 1938-ci ildə Gneisenau, 1939-cu ildə isə Bismarck və Tirpitz döyüş gəmilərinin suya buraxılması izlədi. 1939-cu ildə təxminən 50 000 nəfərlik şəxsi heyətə malik Kriegsmarine-in tərkibində üç zirehli gəmi, iki ağır və altı yüngül kreyser, 22 esmines, 16 torpedo qayığı və 57 sualtı qayıq vardı.[17]
Luftwaffe 1935-ci il martın 1-də Heer və Marine ilə yanaşı Wehrmachtın üçüncü qoşun növü kimi rəsmi şəkildə təşkilata daxil edildi. Onun inkişafı bundan əvvəl aparılmış gizli hazırlıqlara əsaslanırdı. 1939-cu ildə Luftwaffe təxminən 400 000 nəfərlik şəxsi heyətə və 4 000-dən çox döyüş təyyarəsinə malik idi.[18]
Yenidən silahlanmanın dövlət siyasətinə çevrilməsi
[redaktə | vikimətni redaktə et]Wehrmachtın genişləndirilməsi Almaniyanın iqtisadi siyasəti ilə də əlaqələndirildi. Adolf Hitler 1936-cı ilin avqustunda Dörd illik planla bağlı gizli memorandumunda Wehrmachtın dörd il ərzində müharibəyə hazır vəziyyətə gətirilməsini, Almaniya iqtisadiyyatının isə həmin müddətdə müharibə aparmağa hazırlaşdırılmasını tələb etdi.[19]
1937–1938-ci illərdə hərbi rəhbərliyin yenidən təşkili
[redaktə | vikimətni redaktə et]1937-ci il noyabrın 5-də Hitler Wehrmacht rəhbərliyi ilə keçirilən müşavirədə özünün hərbi-siyasi planlarını açıqladı. Reichskriegsminister Verner fon Blomberg və quru qoşunlarının baş komandanı Verner fon Fritsch Hitlerin sürətli silahlanma siyasəti və müharibə hazırlıqları ilə bağlı risklərə dair narahatlıqlar ifadə etdilər. Fritsch Hitlerin planlarına qarşı hərbi baxımdan tənqidi mövqe tutsa da, Almaniya ordusunun yenidən silahlanmasını və modernləşdirilməsini dəstəkləyirdi.[20][21]
1938-ci ilin əvvəlində Blomberg–Fritsch böhranı baş verdi. Blomberg şəxsi həyatında yaranmış qalmaqal nəticəsində vəzifəsindən istefa verməli oldu. Hitler isə eyni zamanda Fritschə qarşı irəli sürülmüş ittihamlardan istifadə edərək onu da vəzifəsindən uzaqlaşdırdı. Fritschə qarşı ittihamlar əsassız idi və mart ayında hərbi məhkəmə onu bütün ittihamlardan azad etdi. Buna baxmayaraq, onun quru qoşunlarının baş komandanı vəzifəsinə qayıtmasına imkan verilmədi.[22]
4 fevral 1938-ci ildə Hitler Reichskriegsministerium-u ləğv etdi və onun yerinə birbaşa özünə tabe olan Oberkommando der Wehrmacht (OKW) yaratdı. General Vilhelm Keytel OKW-nin rəhbəri təyin edildi. Həmin dəyişikliklə Hitler Wehrmachtın ali hərbi rəhbərliyi üzərində daha birbaşa nəzarət əldə etdi.[23]
Eyni yenidənqurma çərçivəsində quru qoşunlarının ali komandanlığı Oberkommando des Heeres (OKH) şəklində təşkil edildi və Valter fon Brauxiç onun başına gətirildi. OKH Wehrmachtın bütün qoşunlarının ümumi komandanlığı deyil, quru qoşunlarının ali komandanlığı idi. Wehrmachtın ümumi ali komandanlıq orqanı isə OKW idi.[24]
Beləliklə, Wehrmachtın yaranması yalnız 1935-ci ildə Reichswehr adının dəyişdirilməsi ilə məhdudlaşmırdı. Bu proses Versal müqaviləsi ilə məhdudlaşdırılmış Reichswehr-in yaradılmasından, Veymar Respublikası dövründə aparılan gizli hərbi hazırlıqlardan, 1933-cü ildən sonra sürətləndirilmiş yenidən silahlanmadan, 1935-ci ildə ümumi hərbi mükəlləfiyyətin bərpası və Wehrmachtın yeni hüquqi quruluşunun yaradılmasından keçdi. 1935–1938-ci illərdə quru, dəniz və hava qüvvələrinin genişləndirilməsi ilə yanaşı, Wehrmachtın ali komandanlıq sistemi də yenidən təşkil edildi və 1938-ci ildə OKW-nin yaradılması ilə onun ali hərbi rəhbərliyi Hitlerə daha birbaşa bağlandı.[25][26]





İkinci Dünya müharibəsində
[redaktə | vikimətni redaktə et]

1939-cu ildə Vermaxt Nasist Almaniyasının Avropada başladığı müharibənin əsas silahlı qüvvəsi kimi fəaliyyət göstərirdi. Quru qoşunlarından (Heer), Hərbi Hava Qüvvələrindən (Luftwaffe) və Hərbi Dəniz Qüvvələrindən (Kriegsmarine) ibarət olan Vermaxt 1939–1945-ci illər ərzində Polşanın işğalında, Qərbi Avropadakı yürüşlərdə, Balkanlar və Şimali Afrikadakı döyüşlərdə, eləcə də Sovet İttifaqına qarşı müharibədə iştirak etdi. Müharibənin ilk illərində Vermaxt bir sıra sürətli hərbi qələbələr qazansa da, 1941-ci ilin sonundan etibarən xüsusilə Şərq cəbhəsində ciddi itkilərlə üzləşdi. 1943-cü ildən sonra strateji təşəbbüs tədricən Müttəfiqlərin əlinə keçdi və 1945-ci ilin mayında Vermaxtın qeyd-şərtsiz təslim olması ilə Almaniyanın müharibəsi başa çatdı.[27]
Polşanın işğalı
[redaktə | vikimətni redaktə et]
1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu İkinci Dünya müharibəsinin başlanmasına səbəb oldu. Vermaxt Polşa yürüşündə müxtəlif istiqamətlərdən irəliləyən ordu qruplarından və sürətli zirehli birləşmələrdən istifadə etdi. Tank bölmələrinin sürətli irəliləməsi Luftwaffe-nin hava dəstəyi ilə əlaqələndirilirdi və Polşa qoşunlarının ayrı-ayrı hissələrinin mühasirəyə alınması əsas əməliyyat üsullarından birinə çevrilmişdi.[27]

Polşa kampaniyası təxminən beş həftə davam etdi. Vermaxtın hərbi əməliyyatları ilə yanaşı, işğal olunmuş ərazilərdə kütləvi zorakılıq da baş verdi. Alman qoşunları yürüşün ilk günlərindən etibarən polşalı mülki şəxsləri və hərbi əsirləri öldürdülər; eyni zamanda SS və polis strukturlarının xüsusi dəstələri, o cümlədən Einsatzgruppen, Polşanın siyasi, intellektual və ictimai elitasını məhv etməyə yönəlmiş tədbirlər həyata keçirdilər.[28]
Alman və sovet qoşunlarının Polşaya hücumundan sonra ölkə iki işğal zonası arasında bölündü. 28 sentyabr 1939-cu ildə imzalanmış Alman–Sovet Sərhəd və Dostluq Müqaviləsi ilə Polşa ərazisinin Almaniya və Sovet İttifaqı arasında bölüşdürülməsi rəsmiləşdirildi. Vermaxt işğal olunmuş Polşada 26 oktyabr 1939-cu ilədək icraedici hakimiyyəti həyata keçirdi və həmin dövr ərzində işğal cinayətlərinə görə məsuliyyət daşıyan əsas qurumlardan biri oldu.[29][28]

Qərbi Avropada yürüşlər
[redaktə | vikimətni redaktə et]



1939-cu ilin payızında Polşanın məğlub edilməsindən sonra Vermaxt qüvvələrinin mühüm hissəsi qərbə keçirildi. 1940-cı ilin mayında Almaniya Belçika, Niderland və Lüksemburqa hücum etdi və daha sonra Fransaya qarşı genişmiqyaslı əməliyyata başladı. Alman komandanlığı zirehli birləşmələrin sürətli və konsentrasiyalı istifadəsinə xüsusi əhəmiyyət verirdi.[27]


Fransaya qarşı hücumun ikinci mərhələsi 5 iyun 1940-cı ildə başladı. Alman Heeresgruppe B Aşağı Sena istiqamətində irəliləyərkən, Heeresgruppe A Aisne çayını keçərək Marna xəttinə çatdı. Alman zirehli qüvvələrinin sürətli irəliləməsi və Fransa ordusunun müdafiə xəttinin parçalanması nəticəsində fransız qoşunlarının vahid müdafiə cəbhəsi yaratması mümkün olmadı. İyunun 14-də alman 18-ci ordusu Parisə daxil oldu. İyunun 17-də alman zirehli qüvvələri İsveçrə sərhədinə çataraq Fransanın əsas hərbi qüvvələrinin böyük hissəsini mühasirəyə aldı. Fransa 22 iyun 1940-cı ildə atəşkəs imzaladı.[30]


1940-cı ilin Qərb yürüşü Vermaxtın müharibənin ilk mərhələsindəki ən böyük hərbi uğurlarından biri oldu. DHM bu kampaniyanı Polşa yürüşü ilə birlikdə Vermaxtın sürətli zirehli irəliləyiş və hava dəstəyinə əsaslanan əməliyyat üsulunun mühüm nümunəsi kimi təqdim edir.[27]
Fransanın məğlubiyyətindən sonra ölkənin böyük hissəsi Alman hərbi idarəsinin nəzarətinə keçdi. Şimali və qərbi Fransa, o cümlədən Atlantik sahili hərbi işğal altında saxlanıldı, cənubda isə Vişi hökuməti fəaliyyət göstərirdi. Vermaxt Fransa işğalında hərbi və inzibati funksiyaları daşıyan əsas alman qurumlarından biri idi.[31]


1941-ci ilin yazında Vermaxtın əməliyyatları Cənub-Şərqi Avropaya yayıldı. Aprelin 6-da Almaniya Yuqoslaviya və Yunanıstana hücum etdi. Əməliyyatda təxminən 680 min alman hərbçisi iştirak edirdi. Yuqoslaviya aprelin 17-dək hərbi baxımdan məğlub edildi, Yunanıstanın materik hissəsi isə ayın sonuna qədər alman və italyan qüvvələrinin nəzarətinə keçdi. İyunun əvvəlində Kritin tutulması üçün Merkur hava-desant əməliyyatı həyata keçirildi.[32]


Balkan yürüşündən sonra Almaniya işğal olunmuş ərazilərdə ciddi partizan müqaviməti ilə qarşılaşdı. Yuqoslaviyada alman və italyan işğal qüvvələrinə qarşı partizan müharibəsi genişləndi. İşğal zamanı Vermaxt tərəfindən mülki şəxslərə qarşı repressiv tədbirlər və kütləvi qətllər də həyata keçirildi.[32]

Şimali Afrikada isə Alman qüvvələrinin iştirakı İtaliyanın Britaniya qüvvələri qarşısında vəziyyətinin ağırlaşması ilə başladı. 1941-ci ilin fevralında Almaniya Afrika Korpusu Liviyaya göndərildi. General-leytenant Ervin Rommelin komandanlığı altında alman qüvvələri martın sonunda əks-hücuma keçərək Britaniya qüvvələrini geri çəkilməyə məcbur etdi. Lakin təchizat problemləri Almaniyanın Misir istiqamətində irəliləyişini məhdudlaşdırdı.[33]


1941-ci ilin noyabrında Britaniyanın “Crusader” əməliyyatı nəticəsində Alman–İtaliya qüvvələri ağır itkilər verdi və Rommel geri çəkilməyə məcbur oldu. 1942-ci ilin əvvəlində isə Alman–İtaliya qüvvələri yenidən hücuma keçərək El-Alameyn istiqamətinə qədər irəlilədi. Lakin 1942-ci ilin sonlarında Şimali Afrikadakı vəziyyət Almaniya üçün kəskin şəkildə pisləşdi və Vermaxt qüvvələri geri çəkilməyə başladı.[34][35]

Sovet İttifaqına hücum
[redaktə | vikimətni redaktə et]

1941-ci il iyunun 22-də Almaniya Sovet İttifaqına qarşı Barbarossa əməliyyatına başladı. Vermaxtın əsas qüvvələri üç böyük ordu qrupu — Şimal, Mərkəz və Cənub — istiqamətində irəlilədi. İlk həftələrdə alman zirehli birləşmələri böyük məsafələr qət etdi və Sovet qoşunlarının çoxsaylı mühasirələrə düşməsinə səbəb oldu. Bialystok–Minsk və Smolensk ətrafındakı döyüşlərdən sonra alman qüvvələri geniş əraziləri işğal etdilər.[36]



Şimal istiqamətində Vermaxt Baltikyanı ərazilərə doğru irəlilədi və 1941-ci ilin sentyabrında Leninqradın quru əlaqələrini kəsdi. Şəhərin tam tutulmasından imtina edilərək onun mühasirəyə alınması qərara alındı. Vermaxt və Luftwaffe şəhəri uzunmüddətli artilleriya atəşinə və bombardmana məruz qoydu. Təxminən 900 gün davam edən mühasirə 1944-cü ilin yanvarında Sovet hücumu ilə başa çatdı; DHM şəhərdə 800 min–1 milyon arasında insanın 1944-cü ilin yanvarının sonunadək aclıq və digər səbəblərdən öldüyünü qeyd edir.[37]

1941-ci ilin payızında Vermaxtın əsas strateji məqsədlərindən biri Moskvanın tutulması oldu. Lakin alman qüvvələri qışa kifayət qədər hazırlıqlı deyildi. Moskva istiqamətində hücum 1941-ci ilin dekabrında Sovet əks-hücumu ilə dayandırıldı və Vermaxt Şərq cəbhəsində ilk böyük strateji məğlubiyyətlərindən birini aldı. 1941-ci ilin sonunda Almaniyanın hücum potensialı ciddi şəkildə zəifləmişdi.[27][38]




İşğal müharibəsi və müharibə cinayətləri
[redaktə | vikimətni redaktə et]

Sovet İttifaqına qarşı müharibə Vermaxtın yalnız cəbhə əməliyyatları ilə məhdudlaşmırdı. Alman işğal siyasəti mülki əhalinin kütləvi zorakılığa, aclığa, deportasiyalara və məcburi əməyə məruz qalması ilə müşayiət olunurdu. Einsatzgruppen arxa cəbhədə yəhudiləri, kommunist funksionerləri və digər qrupları sistematik şəkildə qətlə yetirirdi. DHM-in məlumatına görə, 1941-ci ilin sonunadək kütləvi güllələnmələr nəticəsində təxminən yarım milyon insan öldürülmüş, bu qətllərdə Vermaxtın ayrı-ayrı hissələri də iştirak etmişdi.[36]
Vermaxt həmçinin sovet hərbi əsirlərinin saxlanılması və təminatı sistemində əsas məsuliyyət daşıyan qurumlardan biri idi. DHM işğal altındakı Şərqi Avropada təxminən 3,3 milyon sovet hərbi əsirinin Vermaxtın məsuliyyəti altında hesablanmış kütləvi ölümə və məqsədli qətlə yetirməyə məruz qaldığını qeyd edir.[39]
Polşada da Vermaxt işğalın ilk mərhələsində mülki əhaliyə qarşı zorakılıqlarda iştirak etdi və 26 oktyabr 1939-cu ilədək işğal cinayətlərinə görə icraedici hakimiyyət daşıyıcısı kimi məsuliyyətə malik idi. Beləliklə, Vermaxtın bütün müharibə cinayətlərini yalnız SS və polis strukturlarının fəaliyyəti ilə izah etmək düzgün deyil; eyni zamanda Einsatzgruppen və digər nasist qurumlarının cinayətlərini bütövlükdə Vermaxtın fəaliyyəti kimi təqdim etmək də tarixi baxımdan düzgün olmazdı.[28][39]


1942-ci il: Şərq cəbhəsində yeni hücum və Stalinqrad
[redaktə | vikimətni redaktə et]

1942-ci ilin yayında Vermaxt Şərq cəbhəsində yeni böyük hücuma başladı. İyunun 28-də başlayan hücum təxminən 800 kilometr genişliyindəki cəbhə sahəsində həyata keçirilirdi. Alman komandanlığının əsas məqsədlərindən biri Qafqazdakı neft yataqlarına çatmaq və Almaniyanın strateji xammal təminatını yaxşılaşdırmaq idi.[40]


Alman qüvvələri Don çayına, Volqaya və Qafqazın dərinliklərinə qədər irəlilədilər. Lakin hücumun cənub qanadının həddən artıq genişlənməsi və təchizat problemləri Almaniyanın mövqeyini zəiflətdi. Noyabrın 19-da Sovet qoşunlarının əks-hücumu nəticəsində Stalinqrad ətrafında yerləşən Alman 6-cı Ordusu və digər qüvvələr mühasirəyə alındı.[35]



Stalinqrad döyüşü Vermaxt üçün müharibənin ən ağır məğlubiyyətlərindən birinə çevrildi. Təxminən 250 min alman hərbçisi və 30 mindən çox rumın və rus köməkçi qüvvəsi mühasirəyə düşdü. 1943-cü il yanvarın 31-də general-feldmarşal Fridrix Paulus cənub mühasirə qrupunun qalıqları ilə birlikdə təslim oldu, iki gün sonra şimal qrupunun qüvvələri də təslim oldular. Təxminən 150 min alman hərbçisi döyüşlər, aclıq və soyuq nəticəsində öldü, təxminən 91 min nəfər isə Sovet əsirliyinə düşdü.[41]
Stalinqrad məğlubiyyəti müharibənin strateji istiqamətini dəyişdirən əsas hadisələrdən biri oldu. 1943-cü ildən etibarən Şərq cəbhəsində Vermaxt getdikcə daha çox müdafiəyə keçdi.[41][42]



1943-cü il: Kursk və strateji təşəbbüsün itirilməsi
[redaktə | vikimətni redaktə et]

1943-cü ilin yayında Vermaxt Şərq cəbhəsində son böyük strateji hücumlarından birinə başladı. İyulun 5-də başlayan Zitadelle əməliyyatının məqsədi Kursk çıxıntısındakı Sovet qüvvələrini iki tərəfdən mühasirəyə almaq və Şərq cəbhəsində strateji təşəbbüsü yenidən ələ keçirmək idi.[43]
Alman tərəfi əməliyyata təxminən 800 min hərbçi, 1.400 təyyarə, 10 min artilleriya qurğusu və 2 mindən çox tank cəlb etmişdi. Lakin Sovet komandanlığı hücumu əvvəlcədən gözləyir və çoxqatlı müdafiə sistemi hazırlamışdı. Alman hücumları şimalda yalnız təxminən 10 kilometr, cənubda isə 30 kilometrdən bir qədər çox irəliləyiş əldə edə bildi. İyulun 13-də Hitler hücumun davam etdirilməsini dayandırdı və ardınca Sovet yay hücumu başladı.[43]

Kursk döyüşü ilə Vermaxtın Şərq cəbhəsində strateji təşəbbüsü yenidən ələ keçirmək cəhdi uğursuz oldu. Bundan sonra Sovet ordusu genişmiqyaslı hücumlarla qərbə doğru irəliləməyə başladı və 1943-cü ilin sonlarında Ukraynanın böyük hissəsini, o cümlədən Kiyevi geri aldı.[43][42]
Eyni dövrdə Vermaxt Aralıq dənizi istiqamətində də müdafiə müharibəsinə keçdi. 1943-cü ilin iyulunda Müttəfiqlərin Siciliyaya çıxmasından sonra Almaniya İtaliyadakı qüvvələrini gücləndirdi. İtaliyanın sentyabrda Müttəfiqlərlə atəşkəs bağlamasından sonra Vermaxt İtaliyadakı italyan qüvvələrini tərksilah etdi və ölkənin böyük hissəsini işğal etdi. Alman qüvvələri 1945-ci ilə qədər İtaliyada Müttəfiqlərin irəliləyişini ləngitdi.[44][45]

1944-cü il: İki cəbhədə müdafiə
[redaktə | vikimətni redaktə et]1944-cü ildə Vermaxt eyni vaxtda Şərq və Qərb cəbhələrində böyük Müttəfiq hücumları ilə üzləşdi. Şərqdə Sovet ordusu genişmiqyaslı hücumlarla Alman qoşunlarını geri çəkilməyə məcbur etdi. Qərbdə isə 6 iyun 1944-cü ildə Normandiyada Müttəfiqlərin çıxarması yeni böyük cəbhənin yaranmasına səbəb oldu.[46]



Normandiya çıxarmasının ilk dalğasında təxminən 150 min Müttəfiq hərbçisi beş sahildə Fransaya endi. Alman komandanlığı ilkin mərhələdə əsas Müttəfiq çıxarmasının Kale istiqamətində olacağını düşündüyündən Normandiyada lazım olan bəzi ehtiyat qüvvələri vaxtında cəmləyə bilmədi. İyulun sonunda ABŞ qüvvələri Alman müdafiə xəttini yararaq Fransanın daxili hissəsinə doğru irəlilədi və Vermaxtın Normandiyadakı mövqeləri sürətlə zəiflədi.[46][47]

1944-cü ilin sonlarında Almaniya Qərb cəbhəsində son böyük əks-hücumunu həyata keçirdi. 16 dekabrda başlayan Ardenlər əməliyyatında Vermaxt 200 mindən çox hərbçini və təxminən 600 tankı döyüşə cəlb etdi. Hücumun məqsədi Müttəfiq cəbhəsini yararaq Maas çayını keçmək, Brüssel və Antverpen istiqamətinə irəliləmək və Müttəfiq qüvvələrinin təchizat sistemini pozmaq idi. Lakin Alman hücumu planlaşdırılan əsas məqsədlərə çata bilmədi və dekabrın sonlarında Vermaxt müdafiəyə keçdi. 1945-ci il yanvarın ortalarına qədər alman qüvvələri qazandıqları əraziləri itirdilər.[48]

1945-ci il və Vermaxtın məğlubiyyəti
[redaktə | vikimətni redaktə et]1945-ci ilin əvvəlində Vermaxt artıq həm Şərq, həm də Qərb cəbhələrində strateji müdafiə vəziyyətində idi. Qərbdə Ardenlər hücumunun uğursuzluğundan sonra Müttəfiq qoşunları Almaniya ərazisinə doğru irəlilədi. Şərqdə isə Sovet ordusu Oder və Neyse çaylarına qədər çatdı və 1945-ci ilin yazında Berlin istiqamətində hücuma başladı.[49]

Müharibənin son aylarında Vermaxtın döyüş qabiliyyəti ciddi şəkildə zəifləmişdi. 1944-cü ildə Vermaxtın cəbhədə təxminən 4 milyon, Ersatzheer-də isə təxminən 2,5 milyon şəxsi heyəti vardı; Luftwaffe təxminən 1 milyon, Kriegsmarine isə təxminən 700 min nəfərdən ibarət idi. Buna baxmayaraq, müharibənin son iki ilində Vermaxt hissələrinin döyüş qabiliyyəti təcrübəli şəxsi heyətin böyük itkiləri və ümumi resurs çatışmazlığı nəticəsində əhəmiyyətli dərəcədə aşağı düşmüşdü.[27]

1945-ci il mayın 2-də Berlindəki Vermaxt qüvvələrinin müqaviməti sona çatdı. Mayın 4-də Alman qoşunlarının bir hissəsi Danimarka, Niderland və Şimal-Qərbi Almaniyada təslim oldu. Mayın 7-də general-polkovnik Alfred Yodl Reimsdə Alman silahlı qüvvələrinin qeyd-şərtsiz təslim aktını imzaladı. Təslim mayın 9-u saat 00:01-də qüvvəyə mindi."Chronik 1945". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026. Ümumilikdə 1939–1945-ci illərdə Vermaxta 17 milyondan çox alman və qeyri-alman hərbçi çağırılmışdı. DHM-in məlumatına görə, Almaniyanın 8 may 1945-ci ildəki təsliminədək onların 4,7 milyondan çoxu həlak olmuşdu.

Vermaxtın müharibədə rolu və tarixi qiymətləndirmə
[redaktə | vikimətni redaktə et]Vermaxt İkinci Dünya müharibəsi boyunca Nasist Almaniyasının əsas hərbi qüvvəsi olaraq həm hücum, həm də müdafiə əməliyyatlarının böyük hissəsini həyata keçirdi. 1939–1941-ci illərdə Polşa, Qərbi Avropa və Balkanlardakı sürətli yürüşlər onun əməliyyat qabiliyyətini nümayiş etdirdisə, 1941-ci ilin sonundan etibarən xüsusilə Şərq cəbhəsində müharibənin miqyası, məsafələri, insan və maddi resurs tələbləri Almaniyanın imkanlarını ciddi şəkildə aşmağa başladı. Vermaxtın müharibədəki fəaliyyəti yalnız cəbhə döyüşləri ilə məhdudlaşmırdı. O, işğal olunmuş ərazilərin hərbi idarə olunmasında iştirak edir, hərbi əsirlərin saxlanılması sisteminə nəzarət edir və Şərqdə nasist işğal və məhv siyasətinin həyata keçirilməsində müxtəlif formalarda iştirak edirdi. Eyni zamanda, Holokostun həyata keçirilməsində əsas qətl və deportasiya strukturları SS, polis və Einsatzgruppen olsa da, Vermaxtın ayrı-ayrı hissələrinin kütləvi qətllərdə iştirakı və işğal siyasətindəki rolu tarixi mənbələrdə sənədləşdirilmişdir. Beləliklə, Vermaxtın müharibə tarixindəki rolu iki bir-birindən ayrılmayan ölçüdə nəzərdən keçirilir: bir tərəfdən onun Polşadan Fransaya, Şimali Afrikadan Sovet İttifaqına qədər apardığı genişmiqyaslı hərbi əməliyyatlar, digər tərəfdən isə Nasist Almaniyasının işğal, repressiya və kütləvi zorakılıq siyasətinin həyata keçirilməsində iştirakı. 1945-ci ilin mayında Vermaxtın qeyd-şərtsiz təslimi ilə bu silahlı qüvvənin İkinci Dünya müharibəsindəki fəaliyyəti sona çatdı.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Scriba, Arnulf. "Die Reichswehr". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 30 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ Scriba, Arnulf. "Die Reichswehr". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 30 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ Scriba, Arnulf. "Die Reichswehr". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 30 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ Scriba, Arnulf. "Die Reichswehr". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 30 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ Scriba, Arnulf. "Die Reichswehr". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 30 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ Scriba, Arnulf. "Die Reichswehr". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 30 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ Scriba, Arnulf. "Die Reichswehr". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 30 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ Scriba, Arnulf. "Die Reichswehr". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 30 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ Scriba, Arnulf. "Die Reichswehr". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 30 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ Prinz, Claudia. "Die Wiedereinführung der allgemeinen Wehrpflicht 1935". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 21 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ Prinz, Claudia. "Die Wiedereinführung der allgemeinen Wehrpflicht 1935". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 21 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Gesetz für den Aufbau der Wehrmacht". Wikisource. 16 mart 1935. 25 yanvar 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Gesetz für den Aufbau der Wehrmacht". Wikisource. 16 mart 1935. 25 yanvar 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ Prinz, Claudia. "Die Wiedereinführung der allgemeinen Wehrpflicht 1935". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 21 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ Prinz, Claudia. "Die Wiedereinführung der allgemeinen Wehrpflicht 1935". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 21 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Die Wehrmacht". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 20 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Die Wehrmacht". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 20 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Die Wehrmacht". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 20 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Die Wehrmacht". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 20 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Werner von Blomberg". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 20 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Werner Freiherr von Fritsch". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 20 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Die Fritsch-Blomberg-Affäre". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 19 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Die Fritsch-Blomberg-Affäre". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 19 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Das Oberkommando der Wehrmacht (OKW)". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 20 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Die Wehrmacht". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 20 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- ↑ "Das Oberkommando der Wehrmacht (OKW)". LeMO – Lebendiges Museum Online. Deutsches Historisches Museum. 20 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2026.
- 1 2 3 4 5 6 "Wehrmacht". Lebendiges Museum Online. Deutsches Historisches Museum. 20 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
- 1 2 3 "Besatzungsregime in Polen". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Kolonisierung und Vertreibung in Polen". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Schlacht um Frankreich 1940". Lebendiges Museum Online. Deutsches Historisches Museum. 15 iyun 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Das deutsche Besatzungsregime in Frankreich". Lebendiges Museum Online. Deutsches Historisches Museum. 27 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
- 1 2 "Balkanfeldzug 1941". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Afrikafeldzug 1941". Lebendiges Museum Online. Deutsches Historisches Museum. 27 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Offensive "Crusader" 1941". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026.
- 1 2 "Kriegsverlauf". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026.
- 1 2 "Überfall auf die Sowjetunion 1941". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Die Belagerung von Leningrad". Lebendiges Museum Online. Deutsches Historisches Museum. 27 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Kriegsverlauf". Lebendiges Museum Online. Deutsches Historisches Museum. 27 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
- 1 2 "Europa unter deutscher Besatzung". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Die deutsche Sommeroffensive 1942". Lebendiges Museum Online. Deutsches Historisches Museum. 27 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
- 1 2 "Die Schlacht um Stalingrad 1942/43". Lebendiges Museum Online. Deutsches Historisches Museum. 28 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
- 1 2 "Kriegsverlauf". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026.
- 1 2 3 "Die Schlacht bei Kursk 1943". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Die Landung auf Sizilien 1943". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Der Vormarsch der Alliierten in Italien 1943–1945". Lebendiges Museum Online. Deutsches Historisches Museum. 27 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
- 1 2 "Die Landung in der Normandie 1944". Lebendiges Museum Online. Deutsches Historisches Museum. 27 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Der Vormarsch der Alliierten in Frankreich 1944". Lebendiges Museum Online. Deutsches Historisches Museum. 27 sentyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Die Ardennenoffensive 1944". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026.
- ↑ "Das Kriegsende". Lebendiges Museum Online. Deutsches Historisches Museum. İstifadə tarixi: 27 sentyabr 2026.